Linux paylanması
Linux əməliyyat sistemləri (və ya distro) — Linux nüvəsini və çox vaxt paket idarəetmə sistemini özündə birləşdirən proqram kolleksiyasından hazırlanmış əməliyyat sistemi. Linux istifadəçiləri əməliyyat sistemini adətən gömülü sistemlərdən (məsələn, OpenWrt) və fərdi kompüterlərdən (məsələn. Linux Mint) tutmuş güclü superkompüterlərə (məsələn, Rocks Cluster Distribution) qədər müxtəlif sistemlər üçün mövcud olan Linux paylanmalarından birini yükləməklə əldə edirlər.
Tipik bir Linux paylanması (adətən, dəyişdirilmiş) Linux nüvəsi, başlanğıc sistemi (məsələn, systemd, OpenRC və ya runit), GNU alətləri və kitabxanaları, sənədlər və bir çox başqa proqram təminatından ibarətdir. İstəyə bağlı olaraq, iş masası təcrübəsini təmin etmək üçün (ən çox Mesa 3D qrafika drayverləri) displey serveri, iş masası mühiti, səs serveri və digər əlaqəli proqramlar paylanmaya daxil edilə bilər və ya istifadəçi tərəfindən quraşdırıla bilər.
Daxil olan proqram təminatının əksəriyyəti həm kompilyasiya olunmuş binarlar, həm də mənbə kodu formasında təqdim edilən pulsuz və açıq mənbəli proqram təminatıdır və orijinal proqram təminatına dəyişikliklər etməyə imkan verir. Adətən, Linux paylanmalarına istəyə bağlı olaraq bəzi cihaz drayverləri üçün tələb olunan ikili bloklar kimi mənbə kodu şəklində mövcud olmayan bəzi xüsusi proqramlar daxildir.
Linux paylanması, həmçinin imkanları bir çox istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə Linux nüvəsi ilə paketlənmiş tətbiq və yardım proqramlarının (məsələn, müxtəlif GNU alətləri və kitabxanaları) xüsusi çeşidi kimi təsvir edilə bilər. Proqram təminatı əsasən paylanmaya uyğunlaşdırılır və sonra paylanmanın müşayiətçisi tərəfindən proqram paketlərinə birləşdirilir. Proqram paketləri, adətən, verilənlər anbarlarında onlayn olaraq mövcuddur.